Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 1 yanvar tarixindən etibarən Gianpiero Nassini İqlim Strategiyası və İcra (CSD) üzrə idarəedici direktor vəzifəsinə təyin edib.
Bu təyinat Harry Boyd-Karpenterin Dayanıqlı İnfrastruktur Qrupu üzrə idarəedici direktor vəzifəsinə keçməsindən sonra gerçəkləşib.
İtaliya vətəndaşı olan Gianpiero Nassi EBRD-nin iqlim gündəminin inkişafına mühüm töhfələr verib. 2003-cü ildə enerji səmərəliliyi departamentində baş mühəndis vəzifəsi ilə banka qoşulan Nassi, dayanıqlı inkişaf sahəsində lider kimi tanınıb. 2006-cı ildə baş mühəndis, 2017-ci ildə isə enerji səmərəliliyi və iqlim dəyişikliyi şöbəsinin direktor müavini vəzifəsinə yüksəlib. 2021-ci ildən etibarən isə Nassi CSD-də dayanıqlı biznes və infrastruktur istiqamətinə rəhbərlik edib. Onun rəhbərliyi altında bu bölmə EBRD-nin biznes qrupları, o cümlədən korporativ xidmətlər, aqrobiznes və Dayanıqlı İnfrastruktur Qrupu üçün əsas texniki və əməliyyat dayağı rolunu oynayıb.
Nassi yaşıl maliyyələşdirmə, siyasət və dayanıqlı inkişaf sahəsində layihələrə rəhbərlik edib. O, sənayenin dekarbonizasiyası, dairəvi iqtisadiyyatın inkişafı, "yaşıl enerji"yə keçid, iqlim dəyişikliyinə adaptasiya və ətraf mühitin qorunması layihələrinin maliyyələşdirilməsi təşəbbüslərinə mühüm töhfələr verib.
2024-cü ildə "yaşıl maliyyələşdirmə"nin həcmi 9,7 milyard avro təşkil edib ki, bu da EBRD-nin ümumi biznes əməliyyatlarının yarısından çoxunu əhatə edir. Bank, xüsusilə özəl sektorla əməkdaşlığa diqqət yetirməklə, fəaliyyət göstərdiyi ölkələrdə iqlim maliyyələşdirməsinin səfərbər edilməsi sahəsində çoxtərəfli inkişaf bankları arasında lider mövqeyini qoruyub saxlayır.