"Məhkəmədəki Tragikomediya: 450 manat maaşla 7.000 manat ödəyən tibb bacısının izahı yoxdur"
Ötən gün Nazim Quliyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində ənənəvi tragikomediya yaşandı. Şahid qismində dindirilən, 16 saylı şəhər poliklinikasında tibb bacısı işləyən Həsənova Məleykə Fazil qızı ifadəsində göstərdi ki:
"Mən Nazim Quliyevi ilk dəfədir ki, görürəm. Qonşumuz bildirdi ki, sosial şəbəkələrdə barənizdə video paylaşılıb. 26-cı polis bölməsinə şikayət etdik, ancaq onlar bu videonu yayan şəxsi tapa bilmədilər. Dedilər ki, bu videonu yayan şəxs 1948-ci il təvəllüdlü adamdır. Videonun yayıldığı saytla əlaqə saxladıq və həmin şəxs bildirdi ki, istənilən şəxs barəsində məlumat yaya bilərik. Banditizm idarəsi bizi idarəyə çağırıb dedi ki, barənizdəki videonu Nazim Quliyev yayıb. Həyat yoldaşım İftixar Həsənov saytda verilmiş telefonla əlaqə saxladı. Həmin şəxs özünü Nazim Quliyev kimi təqdim etdi və dedi ki, videonun silinməsini istəyirsinizsə, 10.000 (on min) manat verməlisiniz. Biz isə 7.000 (yeddi min) verəcəyimizi bildirdik. Nazim Quliyev kart atdı və dedi ki, bu karta atın. Biz də atdıq."
Hakim: Sizin Nazim Quliyevlə hər hansı bir rəqabətiniz olubmu?
Məleykə Həsənova: Xeyr, ilk dəfədir ki, onu burada görürəm. Onu nə ərim, nə də mən tanıyırıq.
Hakim: Bəs o zaman Nazim Quliyev niyə belə bir iş tutsun ki?
Məleykə Həsənova: Bilmirəm.
Nazim Quliyev: Deyirsiniz ki, videonuzun yayılmış olduğu saytın telefon nömrəsinə yığıb Nazim Quliyevlə danışmısınızsa, bəs o zaman 26-cı polis bölməsi niyə Nazim Quliyevi tapa bilmirdi ki, Məleykə?
Nazim Quliyev: Tibb bacısı olaraq nə qədər maaş alırsınız?
Məleykə Həsənova: 450 manat.
Nazim Quliyev: İttiham aktında yazılıb ki, həyat yoldaşınız və 1993-cü il təvəllüdlü oğlunuz heç yerdə işləmirlər və onlara da siz baxırsınız. 450 manatla üç nəfərlik ailənin kommunal xərclərini və üstəlik, telefonun o biri başında tanımadığınız, üzünü görmədiyiniz, telefon nömrəsini bilmədiyiniz şəxsə – guya Nazim Quliyevə – 7.000 manatı haradan tapıb verdiniz?
Məleykə Həsənova: Özümü pis hiss edirəm. Bilmirəm. Hamısını yoldaşım bilir.
Hakim: Xanım, özünüzə gəlin, cavab verin.
Nazim Quliyev: 7.000 manatı ödəmək üçün sizə hansı bankın kartını göndərdi Nazim Quliyev?
Məleykə Həsənova: Bilmirəm, silib atmışıq.
Nazim Quliyev: Köçürdüyünüz pulun qəbzlərini təqdim edə bilərsinizmi?
Məleykə Həsənova: Xeyr. Onu da silib atmışıq?!
Və bununla da şərin növbəti sifəti özünü və onlardan istifadə edən çətəni ifşa edib getdi.
Zəruri qeyd: İstənilən şəxs, adi bir məbləği öz telefonuna bankomatdan köçürür və qəbzi cırıb atmır ki, əməliyyat tam başa çatsın. Lakin 450 manat maaşla ərini və oğlunu saxlayan, kommunal ödəyən, 16 saylı şəhər poliklinikasında tibb bacısı işləyən Həsənova Məleykə Fazil qızı tanımadığı şəxsin bank kartına 7.000 manat köçürür? Lakin bankın adını, kartın nömrəsini, köçürdüyü pulun qəbzini saxlamayıb, cırıb atırlar, silirlər. Çox gülməli və ağlamalı dövrün seyrçiləriyik.