Nəsimi Ağayev: Ermənistan Xocalı soyqırımını tanımalıdır

24-02-2025, 21:35

Azərbaycanın Almaniyadakı səfiri: Ermənistan Xocalı soyqırımını tanımalıdır


Ermənistanın Xocalı soyqırımını tanıması regionda uzunmüddətli sülhün bərqərar olması yolunda mühüm addım ola bilərdi. Lakin bunun əvəzinə İrəvan həmin faciəni nisbiləşdirmək və öz əməllərinə bəraət qazandırmaq cəhdlərini davam etdirir.


Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin sözlərinə görə, Xocalı hadisələri dinc əhalinin məqsədyönlü və amansız şəkildə qətlə yetirilməsidir. O bildirib ki, bu faciəyə beynəlxalq səviyyədə lazımi diqqət yetirilməməsi ciddi ədalətsizlikdir və siyasi maraqlar çox vaxt tarixi faciələrin obyektiv şəkildə tanınmasına mane olur.


Səfir Xocalı soyqırımına dair mövcud sübutların – videomaterialların, şahid ifadələrinin, məhkəmə ekspertizalarının və müstəqil təşkilatların hesabatlarının – qətlin planlı şəkildə həyata keçirildiyini açıq şəkildə təsdiqlədiyini qeyd edib.


"Bu sənədlər göstərir ki, Ermənistan silahlı qüvvələri günahsız insanları hədəf alaraq kütləvi qırğın törədiblər. Qadınlar zorakılığa məruz qalıb, uşaqlar amansızlıqla öldürülüb, ailələr bütövlükdə məhv edilib. İnsanlara işgəncələr verilib, meyitlər təhqir olunub. Daha da acınacaqlısı budur ki, bəzi erməni siyasətçiləri, o cümlədən Ermənistanın sabiq prezidenti Serj Sarqsyan bu cinayəti təkzib etmək əvəzinə ona 'strateji zərurət' kimi bəraət qazandırmağa çalışırlar," – deyə N. Ağayev vurğulayıb.


Diplomat əlavə edib ki, Ermənistan indiyə qədər Xocalı faciəsi ilə bağlı nə tanınma addımı atıb, nə üzr istəyib, nə də qurbanlar üçün ədalətin təmin olunmasına töhfə verib. Əksinə, İrəvan bu cinayətin miqyasını azaltmağa və hətta ona bəraət qazandırmağa çalışır ki, bu da qurbanların xatirəsinə və onların ailələrinə qarşı açıq hörmətsizlikdir.


"Əgər Ermənistan Xocalı soyqırımını tanıyarsa, bu, təkcə tarixi ədalətin bərpası baxımından deyil, həm də regionda uzunmüddətli sülhün təmin olunması üçün əhəmiyyətli addım olar," – deyə səfir qeyd edib.


N. Ağayev həmçinin vurğulayıb ki, ədalətin bərqərar olması üçün bu cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir.



İstifadəçi paneli