Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisinə üç naməlum partlayıcı qurğu atılıb.
Bu barədə konsulluq TASS-a məlumat verib. Bildirilib ki, qurğulardan ikisi partlayıb, biri isə hələ də zərərsizləşdirilməmiş vəziyyətdədir. İstehkamçılar onun üzərində işləyirlər. Hadisə nəticəsində itki və dağıntı qeydə alınmayıb, diplomatik missiyanın binasına zərər dəyməyib.
Fransanın BFMTV kanalı insidentin bu gün səhər saat 08:00 radələrində baş verdiyini bildirib. Hadisə yerində otuz nəfərə yaxın yanğınsöndürən və polis əməkdaşı işləyir. KİV-in məlumatına görə, diplomatik nümayəndəliyin bağçasına "Molotov kokteyli" atılıb.
İlkin olaraq Fransa mediası partlayışın konsulluğun yaxınlığında baş verdiyini yazsa da, Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski “La Marseillaise” nəşrinə açıqlamasında hadisənin birbaşa diplomatik missiyanın ərazisində baş verdiyini qeyd edib.
BFMTV-dəki polis mənbəsi də konsulluq ərazisindəki bağçaya iki "Molotov kokteyli" atıldığını təsdiqləyib. Məlumata görə, xəsarət alan yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisəni "terror aktının əlamətləri" kimi qiymətləndirib.
Qeyd edək ki, Rusiyanın Marseldəki Baş Konsulluğu Ambroise Pare prospektində yerləşir. Bu ərazidə həmçinin Misir, Tunis, Ermənistan və San-Tome və Prinsipi konsulluqları da fəaliyyət göstərir.