Xocalı soyqırımı: 32 il ötür, amma unudulmur
Bu gün 26 fevraldır – Azərbaycanın qan yaddaşına əbədi həkk olunan Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək yüzlərlə günahsız insanı amansızlıqla qətlə yetirdi. Bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş ağır bir cinayətdir.
Xocalıda nə baş verdi?
1991-ci ildən etibarən tam mühasirədə olan Xocalı şəhəri 25-dən 26-na keçən gecə düşmən hücumuna məruz qaldı. Ermənilər Sovet İttifaqının 366-cı motoatıcı alayının dəstəyi ilə şəhəri yer üzündən silmək üçün xüsusi amansızlıqla hücuma keçdilər.
Nəticədə:
613 nəfər qətlə yetirildi,
106 qadın, 63 uşaq, 70 yaşlı insan öldürüldü,
1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi hələ də naməlumdur,
487 insan ağır yaralandı, 8 ailə tamamilə məhv edildi.
Xocalı şahidlərin dilindən
Xocalıdan sağ çıxanların dedikləri bu faciənin dərinliyini göstərir. Onlar həmin gecə səmanın qara tüstü ilə örtüldüyünü, şəhərin qana boyandığını, günahsız insanların yalnız azad yaşamaq üçün mübarizə apardıqlarını xatırlayırlar. Bu, bəşər tarixinin ən dəhşətli cinayətlərindən biridir.
Xocalıya ədalət!
Xocalı soyqırımı beynəlxalq səviyyədə tanınmalı və ona hüquqi qiymət verilməlidir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu qətliamın dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş işlər aparılır. Bir çox ölkələr və beynəlxalq təşkilatlar bu faciəni soyqırım kimi tanıyıb.
Bu gün biz bir daha Xocalı şəhidlərinin xatirəsini anır, onların ruhu qarşısında baş əyirik. Xocalını unutmadıq, unutdurmayacağıq!