Fransanın "Milli Birlik" Partiyasının parlament qrupunun rəhbəri Marin Le Pen seçki hüquqlarından məhrum edilməsinə dair Paris məhkəməsinin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.
Bu barədə siyasətçinin vəkili Rodolf Bosselyu BFMTV telekanalına açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, mübahisəli vəziyyət yaranıb və müdafiə tərəfi hərəkətsiz qalmaq niyyətində deyil.
Bosselyu vurğulayıb ki, Le Pen məhkəmənin hökmünü təəccüblə qarşılayıb, xüsusilə də seçkilərdə iştirak qadağasının dərhal qüvvəyə minməsi onu sarsıdıb.
Xatırladaq ki, Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin maliyyə vəsaitlərini mənimsəməkdə təqsirli bilərək dörd il müddətinə azadlıqdan məhrum edib və 100 min avro məbləğində cərimələyib. Qərara əsasən, Le Pen bu müddətin iki ilini şərti cəza olaraq, digər iki ilini isə elektron bilərziklə ev dustaqlığında keçirəcək. Bundan əlavə, o, beş il ərzində seçkilərdə iştirak hüququndan məhrum edilib.