Ruben Vardanyan işi üzrə məhkəmə davam edir: Zərərçəkmişlər ifadə verdi

8-04-2025, 22:22

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam edir: Zərərçəkmişlər ifadə verib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülhə və insanlığa qarşı cinayətlər, eləcə də terrorizm, onun maliyyələşdirilməsi və digər ağır hüquq pozuntuları ilə bağlı maddələri üzrə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsindəki cinayət işi üzrə məhkəmə baxışı aprelin 8-də davam etdirilib.

Asmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə, ehtiyat hakim Günel Səmədovanın müşahidəsi altında keçirilən açıq iclasda təqsirləndirilən şəxs rus dilində ifadə verməsi üçün tərcüməçi ilə və özünün seçdiyi müdafiəçi ilə təmin olunub.

İclas zərərçəkmişlərin ifadələrinin dinlənilməsi ilə davam edib. Hakim Zeynal Ağayev əvvəlcə onlara hüquq və vəzifələrini izah edib. Daha sonra Ruben Vardanyan və vəkili Avraam Berman məhkəməyə müraciət edərək iclas protokolları ilə yenidən tanış olmaq istədiklərini bildiriblər. Hakim bu istəyin təmin olunacağını qeyd edib.

Proses zamanı Ermənistanın dövlət strukturlarının və silahlı qüvvələrinin birbaşa rəhbərliyi altında, şifahi və yazılı şəkildə verilmiş göstərişlərlə, maddi-texniki dəstəklə və mərkəzləşdirilmiş idarəetmə şəraitində Azərbaycanın suveren ərazisində beynəlxalq hüquqa zidd hərbi təcavüz həyata keçirildiyi bildirilib. Təqsirləndirilən Ruben Vardanyanın 2020-ci ilin dekabrında bu hərbi birliyə qoşulmasından sonra baş verən hadisələrə dair zərərçəkmişlərin ifadələri səsləndirilib.

Zərərçəkmişlərdən Vahid Əliyev R.Vardanyanı yalnız media vasitəsilə tanıdığını, Ermənistanın təxribatları nəticəsində yaralandığını və döyüş yoldaşlarının şəhid olduğunu bildirib. Anar Cəlalov və digər hərbçilər də erməni tərəfinin artilleriya hücumları nəticəsində yaralandıqlarını qeyd ediblər.

Emin Şahbazov, Hilal Həsənov, Zamiq Həsrətov, Elnur Həsənov, Fariz Manafov və digər zərərçəkmişlər Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində müxtəlif dərəcəli xəsarətlər aldıqlarını ifadə ediblər. Elnur Həsənovun bədənindən 70 qəlpə çıxarılıb, 30-dan çoxu isə hələ də onun bədənində qalıb.

Sanitar maşınlarına və tibb məntəqələrinə qarşı hücumlar da zərərçəkmişlərin ifadələrində xüsusi vurğulanıb. Aqşin Balakişiyev, Fərhad Tağıyev və Fərid Zeynalovun dediklərinə əsasən, qırmızı aypara ilə işarələnmiş tibbi nəqliyyat vasitələri və personal artilleriya hücumlarına məruz qalıb.

Hicran Sultanov isə düşmənin tank əleyhinə raketlə tibbi maşını hədəfə almaq cəhdindən danışıb, bəxtlərinin gətirdiyini qeyd edib. Digər hərbçilər – Ruslan Heydərov, Nəbi Babayev, Vüqar Məmmədov, Emil Nəbiyev və başqaları da snayper və digər atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Məhkəmə iclasında zərərçəkmişlər barəsində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyləri də elan olunub.

Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı – təcavüzkar müharibə, insanlığa qarşı cinayətlər, qanunsuz silahlı birləşmələr yaratmaq, terrorçuluq, dövlət sərhədini qanunsuz keçmək və digər maddələri ilə ittiham olunur.

Növbəti məhkəmə iclası aprelin 15-nə təyin edilib.



İstifadəçi paneli