Hörmətli cənab Prezident!
Dövlətçilik ideallarını şəxsi korporativ maraqlarına fəda etmiş çete, hüquq-mühafizə orqanlarını — ədalətin bərqərar olunacağı ünvanı — xəyanət ünvanına çevirərək, heç bir hüquqi əsas olmadan, mənimlə heç bir əlaqəsi olmayan, tanımadığım növbətçi satellitlərdən ibarət ənənəvi şər kolleksiyası düzənləyərək azadlığımı, fundamental konstitusion hüquqlarımı oğurlayaraq mənə qarşı cinayət törətmişlər.
Hakimiyyət resurslarından dəbilqə olaraq istifadə edən gözəgörünməz köstəbək məni və telefonumu izlətdikdən sonra, son nəticədə əldə etdiyi və "zərərçəkmiş" kimi tanıdığı "hüquqi presedent" aşağıdakı kimidir:
1. Cavadov Ramin Zərif oğlu tərəfindən 02.11.2021-ci il tarixli, №2(006)-4499/2021 saylı, qanuni qüvvəyə minmiş və xeyrimə olan "qətnamə", 23.04.2024-cü il tarixdə DİN və BMCMİ-nin təqdimatı əsasında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədova tərəfindən yenidən ittiham predmeti edilmişdir.
2. Şəhid ailələrinə və sadə vətəndaşlara qarşı silsilə dələduzluq cinayətləri ilə AR CM-nin 178.3.2-ci maddəsi üzrə təqsirləndirilərək həbs edilmiş İlyasova İlahə Rasim qızı, 6 ay 15 gündən sonra məni şərləmək şərti ilə ev dustaqlığına buraxılmış və əleyhimə verdiyi ifadələr məhkəmə iclaslarında ciddi ziddiyyətlər yaradaraq tragikomik mənzərə ortaya çıxarmışdır.
3. Hüquqlarını müdafiə etdiyim, uşaq baxçasında məskunlaşmış Zəngilan rayon qaçqını Şirinov Sülfəddin Əli oğluna hədə-qorxu ilə yazdırılıb ki, "Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təhsil aldığı 23 saylı orta məktəbin inzibati binasının 2-ci mərtəbəsində yerləşən" Ofisim" də onu aldadaraq pulunu ələ keçirmişəm."
4. İftixar və həyat yoldaşı Məleykə Cəfərovlar barəsində TikTok platformasında tənqidi video yayılmış və bununla bağlı 102 xidmətinə edilmiş şikayət araşdırılması üçün Yasamal rayon 26-cı polis bölməsində araşdırılmış, 22.03.2024-cü il tarixdə qərar verilmişdir ki, həmin video Unikal.Org saytında yayımlanıb. DİN-in BMCMİ-si isə ər-arvadı idarəyə apararaq yazdırırlar ki, "sizi təhqir edən Nazim Quliyevdir. Biz dediklərimizi yaz, 7.000 qazan." Bütün bu rüsvayçılıqları Cəfərovlar məhkəmə iclas zalında sövq-təbii etiraf ediblər ki, "N. Quliyevi ilk dəfədir burada görürük. İttiham aktında yazılanlardan xəbərimiz yoxdur!"
5. Yolumu bağladığına görə Abşeron məhkəməsində (hakimlər: Elman Məmmədov, Cəmilə Səfiyeva) çəkişmələrimiz olmuşdur. 200 ha torpaq sahəsinin feodalı, banditizmin sabiq əməkdaşı, "AMAY" Ticarət Mərkəzinin mühafizə xidmətinin sabiq rəhbəri, tikinti maqnatı, "Omar" atçılıq klubunun prezidenti Zeynalov Natiq Mütəllim oğluna yazdırıblar ki, "Nazim Quliyevdən qorxduğum üçün ofisimə gəldi və 10.000 alıb getdi."
Natiq Zeynalovla real olaraq 23.04.2024-cü il tarixdə BMCMİ-də 2 dəqiqəlik ayaqüstü danışığımız olub. Dedi ki: "Məni bunlara tay etmə, işverən deyiləm. Dedilər gəl, gəldim." Müstəntiq Ramil Məmmədov soruşdu ki, "Kim dedi gəl?" Cavab verdi: "Adını çəkə bilmərəm."
Bu kimi ifadələrin hamısı 241900264 nömrəli ittiham aktında və məhkəmə iclas protokollarında əks olunsa da, ittiham aktına notariat xidməti göstərən, milli və beynəlxalq hüququn norma və prinsiplərini deformasiyaya uğradan, əynindəki hakim mantiyasının mahiyyətini hamam xalatından fərqləndirməyən Hüseynov Cavid heç bir maddi sübut, telefon əlaqəsi, kamera görüntüsü, şahid olmadan iftiranamə aktında yazılmış bütün absurd blefləri ittiham hökmünün bəzəyinə çevirmişdir.
Baxmayaraq ki, Natiq Zeynalov məhkəmə zalında (iclas protokolu, səh. 232) bildirmişdir: "BMCMİ-də dedilər ki, işi burda bağlayacağıq. Bura gəlib çıxacağına inanmazdım. İfadəmi dəyişməyə, həqiqəti yazmağa hazıram. Heç bir şikayətim və tələbim yoxdur."
Hörmətli cənab Prezident!
İnanıram ki, insanlığa qarşı törədilən bu kimi iyrənc kayotalardan və öz mənfur, məkirli korporativ maraqlarından doğan "qırmızı" cinayətlərdən xəbərsizsiniz.
İllərdir ki, bu tip onurğasız və onursuz varlıqların arxasında gizlənən, geniş hakimiyyət resurslarına sahib kriminal çete azadlığımı oğurlayaraq barəmdə imi-reputasiya formalaşdırmağa çalışır. 44 gün ərzində düşmənə qalib gələn suveren dövlətin müharibə veteranına qarşı bu cür çamur atmağın özü dövlətə xəyanətdir.
Bu kontekstdə DİN-in BMCMİ-də mənə qarşı düzənlənmiş 241900264 nömrəli iftiranamənin (ittiham aktının) və ona notariat xidməti göstərmiş №1(101)-622/2025 saylı, 10.04.2025-ci il tarixli qondarma və saxta məhkəmə hökmünün sifarişçisi və icraçıları barədə tədbir görməyinizi Sizdən xahiş edirəm.