Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.
ASMEDİA.AZ xəbər verir ki, dövlət başçısı, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının inşası uğurla gedir. Hasil olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün bu yarımstansiya müstəsna rola malikdir. “Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq və ən əsası, ölkənin ən strateji yarımstansiyası olan 500 kilovoltuq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. “Qobu” yarımstansiyasının enerjisistemə inteqrasiyasının 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.
Ölkədə enerji təminatının əsaslı şəkildə yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası baxımından mühüm işlər görülüb. Lakin elektroenergetika sektorunun daim inkişaf edən sahə olduğunu, əhalinin artım tempini, sənayeləşmə prosesini nəzərə alaraq sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi və onun vaxtında qarşılanması konkret vəzifə olaraq qarşıya qoyulub. 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının generasiya mənbəyi olaraq yaradılması da qarşıya qoyulan mühüm vəzifənin əsas komponentlərindəndir.
Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
Qeyd edək ki, bu stansiyanın tikintisi yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq “Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. “Qobu” layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər.
“Qobu” Enerji layihəsi, o cümlədən 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb. Bu layihənin icrası digər sosial məsələdə də əhəmiyyəti ilə seçilir. Belə ki, “Qobu” Elektrik Stansiyası və “Qobu” yarımstansiyasının işə salınması məşğulluğun artırılmasına töhfə olacaq. Burada 120-dən artıq yeni iş yeri yaradılacaq.
Sonra Prezident İlham Əliyev energetiklərlə görüşüb.
Dövlət başçısı görüşdə çıxış etdi. Dövlət başçısının tədbirdəki çıxışından bəzi məqamları təqdim edirik:
“Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində stansiya tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq”.
“Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır”.
“Son iki il ərzində 1300 meqavata qədər itirilmiş generasiya gücləri mövcud stansiyalarda bərpa edilmişdir. Ən böyük işlər Mingəçevir İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi və bu gün 2400 meqavat gücündə tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək”.
“Hesab edirəm ki, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıb. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Budur bugünkü Azərbaycan reallıqları”.
“Biz maksimum öz enerji potensialımızdan istifadə edirik və etməliyik. Sevindirici hal ondan ibarətdir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır”.
“440 meqavat gücündə bərpaolunan enerji növlərinin Azərbaycanda yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat pul qoyulmadan reallaşdırılması bizə olan inamın təzahürüdür, Azərbaycanın gələcəyinə, sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür”.
“Eyni zamanda, yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik, onları cəlb etmək istəyirik. O cümlədən onları su elektrik stansiyalarının və digər bərpaolunan elektrik stansiyalarının tikintisinə cəlb etmək istəyirik. Əgər belə maraq olarsa hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər”.