“Yaralı komandirimi döyüş meydanından çıxararkən ağır yaralandım...”

14-01-2021, 13:47

"Hardasa bir il işləyə bilməyəcəm, qabırğalarım sınıq-sınıqdı, yük götürə bilmərəm".

Vətən müharibəmizin növbəti qəhrəmanı əsgər Elnur Ələkbərovdur. E.Ələkbərov 1990-cı ildə Sabirabadda anadan olub, amma Bakı şəhərində yaşayır. Aşbaz işlədiyini deyən Elnur ordu sıralarına könüllü yazıldığını bildirib:

“Özüm aşbaz işləyirdim. Hərbi xidmətimi Gəncə şəhərində keçmişəm. Tovuz döyüşlərindən sonra ordu sıralarına könüllü olaraq yazıldım. Əsgərlikdə fərqlənmələrim olduğu üçün Vətən müharibəsi başlayan kimi döyüşə çağırıldım. Füzuli, Cəbrayıl, Xocavənd və Xankəndi ətrafında döyüşlərdə iştirak etdim”. 
Qazimiz döyüş meydanından yaralı komandirini çıxararkən yaralandığını deyib:

“Oktyabrın 21-də Xankəndi ətrafında qızğın döyüşlər gedirdi. Yaralı komandirimi döyüş meydanından çıxararkən mən də ağır qəlpə yaraları aldım. Daha sonra döyüş yoldaşlarım bizi ərazidən çıxararaq hospitala təxliyə etdilər”.
Elnur döyüşə qatılmasının şəxsi qərarı olduğunu və heç vaxt valideynlərinin onun fikrinə qarşı çıxmadığını deyib:

“Döyüş vaxtı imkan olduqca evlə əlaqə saxlayırdım. Evin tək oğluyam. Döyüşlərə qatılmağım isə şəxsi qərarım idi və valideynlərim də bu istəyimə hörmətlə yanaşdılar. Döyüşdə şəhid olan qardaşlarımız məndən nə əskik deyillər. Onlar döyüşsün şəhid olsun, mən döyüşə getməyim, belə olmaz axı. Döyüşlərdə iştirakıma görə ölkə başçısı tərəfindən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edildim. Amma hardasa bir il işləyə bilməyəcəm. Çünki qabırğalarım sınıq-sınıqdı, yük götürə bilmərəm. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, onların qarşısında baş əyirik”.


İstifadəçi paneli