Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın ötən gün vəzifədən azad edilməsinin səbəbləri ilə bağlı önəmli məlumatlar yayılıb.
Rektorluq etdiyi müddətdə çoxsaylı qalmaqallarla cəmiyyətin diqqət mərkəzində olan Nurlana Əliyevanın ciddi narazılıq yaradan ən son addımı isə BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın barəsində cinayət işi ilə bağlı ictimaiyyətə yalan məlumat verməsi olub.
Belə ki, 29 aprel tarixində Baş Prokurorluq rəsmi açıqlama yayaraq, Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlandığını bildirmişdi. Lakin BSU mətbuat xidməti məlumatı birbaşa təkzib edərək, guya dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etdiyini, məhz bu müraciət nəticəsində də onun həbs edildiyini rəsmən bəyan etdi.
Bu isə dolayısı ilə ictimaiyyətdə D.Əliyevanın bu özbaşnalığı təkbaşına törətmədiyi, rüşvəti öz istəyi ilə almadığı barədə hallanan fikirlərə cavab, eyni zamanda, Baş Prokurorluğun əməliyyatının “səbəbinə” guya aydınlıq gətirmək istəyi idi.
Lakin məlumat yayılandan dərhal sonra Baş Prokurorluq ikinci rəsmi açıqlama yayaraq, BSU-nun yalanını məhz bu sözlərlə ifşa etdi:
“Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında başlanıb və yalnız bundan sonra 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub”.
Baş Prokurorluq ictimaiyyətdə çaşqınlıq yaradan bu cür məlumata görə sərt xəbərdarlıq da etmişdi.
Beləliklə, Baş Prokurorluğun cinayət işi açdıqdan sonra rektor Nurlana Əliyevanın Təhsil Nazirliyi vasitəsilə tam 10 gündən sonra daxil olan müraciətinin əslində “özünü qorumaq üçün düşünülmüş gediş” olduğunu açıqlamaqla, rektorun ən azı mənəvi məsuliyyətdən yayınma cəhdlərinin üstündən xətt çəkmişdi.
Bu böyük siyasi qalmaqaldan sonra BSU-da növbəti rüşvət qalmaqalı, D.Əliyevanın ən azı 100.000 manattan çox vəsaitini mənimsəməsi olduqca ciddi hadisədir və məhz bu amil N.Əliyevanın karyerasına son qoyub.
Qeyd edək ki, D.Əliyevanın barəsində araşdırma aparıldığı və onun külli miqdarda vəsait mənimsəməsi faktı hələ 28 yanvar 2021-ci ildə prokurorluq tərəfindən rəsmən təsdiqlənmişdi.
Mətbuatda gedən məlumatlarda Dürdanə Əliyevanın yaxın rəfiqəsi Sevil Hümmətova və onun bacısı oğlu Anar Alahverdiyevlə birlikdə tələbələri gəlir mənbəyinə çevirərək qanunsuz qazanc əldə etmələri də qeyd olunub.
Belə ki, Sevil Hümmətova Əlavə və qiyabi təhsil şöbəsinə tələbə cəlb etmək üçün vətəndaşlardan ixtisaslar üzrə real təhsil haqlarını gizlədərək olduğundan aşağı göstərmiş, məhz universitetə rəsmi şəkildə qəbul olunduqdan sonra isə əvvəlki təhsil haqqından fərqli məbləği onlardan tələb edərək tələbələrin narazılığına səbəb olmuşdur.
Bundan əlavə, Sevil Hümmətova imkanlı tələbələrin avtomobillərinə məxsus dövlət nömrə nişanlarını Yol Polisi əməkdaşı işləyən bacısı oğlu Anar Allahverdiyevə ötürməklə külli-miqdarda qazanc əldə etmişlər. Bunun müqabilində Dürdanə Əliyeva Anar Allahverdiyevanın bacısı Vəfa Allahverdiyevaya saxta ixtisasartırma diplomu düzəltmiş, ödənişli əsaslarla təhsil almasına baxmayaraq onun doktorantura təhsil xərclərindən azad edilməsinə nail olmuş və dissertasiyasının müdafiədən keçməsinə köməklik göstərmişdir.
Qeyd olunanlar bununla bitmir. Dürdanə Əliyeva rektor Nurlana Əliyevanın göstərişi ilə Elektron informasiya texnologiyaları şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən Alı Quliyev adlı qohumunu müsabiqədən kənar universitet tələbələri sırasına daxil etmiş və Vəfa Allahverdiyeva kimi onu da illik təhsil haqqı ödənişlərindən "azad" etmişdir.