Xəbər verdiyimiz kimi, Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növləri bahalaşdı. Rəsmi qurumlar bahalaşmanı mənbə ölkədə qiymət artımı ilə əlaqələndirdilər. Hazırda sözügedən yanacaq növlərinin 1 litri müvafiq olaraq 1,9 manata və 1,6 manata satılır.
Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, yüksək oktanlı (95 və 98 oktanlı) benzinin qiymətinin ardıcıl olaraq qalxması avtomobildən istifadə prosesinə və yanaşmalara təsir edəcək.
“Fərdi avtomobil həvəskarları köhnə avtomobillərə daha çox meyl edəcəklər, çünki belə avtomobillər yerli istehsal olaraq hələlik ucuz olan 92 oktanlı benzini rahat işlədir. Dizel mühərriklərinə də maraq artacaq. Bunlar isə avtomobillərin ekoloji zərəri baxımından yaxşı hal deyil. Yüksək oktanlı benzinin qiymətinin qalxması elektromobillərə və hibridlərə marağı artıracaq. Xüsusən elektromobillərə marağın getdikcə artması gözləniləndir və bunun üçün həm dövlət, həm də biznes təsisatları zəruri addımlar atmalıdırlar”.
Ekspert qeyd etdi ki, benzinin qiymətinin artması bütövlükdə avtomobilləşmə prosesinə də mənfi təsir göstərəcək.
“Düşünürəm ki, bundan təkanverici amil kimi istifadə edilərək ictimai nəqliyyatın inkişaf etdirilməsi, velosipedin real nəqliyyata çevirilməsi və populyarlaşdırılması istiqamətində ciddi işlər görmək lazımdır. İctimai nəqliyyatda xidmət keyfiyyətini artırmaq, onun şəbəkəsini genişləndirmək, yeni növlərini yaratmaq və s. bu kimi tədbirlər fərdi avtomobillərdən istifadəyə marağı azalda bilər”.
Ərşad Hüseynov onu da vurğuladı ki, qeyd olunan məsələlər ilə bağlı müvafiq dövlət qurumları tərəfindən aydın və dəqiq hədəfləri olan nəqliyyat və ya mobillilik strategiyası həyata keçirilməlidir.
“Görüləcək işlər çoxdur. Çünki, təcrübə göstərir ki, yanacağın qiymətinin artması bütövlükdə qiymətlərin artımına təkan verir, hətta iqtisadi bağlılığı olmayan mallar da bəzən bahalaşır. Ən pisi də budur”.