Polkovnik: Minalardan tam təmizlənmə mümkün deyil

23-11-2021, 14:33

İşğaldan azad edilən ərazilərimizin minalardan tam təmizlənməsinin mümkün olacağını düşünmürəm.
 
Bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
 
O bildirib ki, torpaqların minalardan tam təmizlənməsi fiziki baxımdan mümkün deyil:
 
“Təsəvvür edin ki, indinin özündə də Şərqi Avropa ölkələrində və Almaniyada İkinci Dünya müharibəsindən qalan partlamamış sursat və yaxud mina aşkarlanır. Yəni hansısa keçidlər, dağlarda və yaxud dağılmış tikilinin altında mina və yaxud partlamamış sursat qala bilər, mina avadanlıqları bu sursatları “görməyə” bilər”.
 
Ekspert qeyd edib ki, bu səbəbdən bir müddət sonra ərazilərə köçəcək insanlarımız son dərəcə diqqətli və ehtiyatlı olmalıdır:
 
“Ən azından bir neçə ay diqqətdən kənar, az keçilən və yaxud dağılmış tikililərə yanaşmalarda, orda təmizlik və yaxud qazıntı işləri aparanda diqqətli davranmalıdırlar”.
 
Polkovnik bunun üçün ciddi maarifləndirmə işinin aparılmasını da vacib hesab edib:
 
“İnsanlar hər hansı şübhəli əşya, hətta partlamış sursat qalığı, raket dəmiri və s. görəndə belə dərhal mütəxəssislərə müraciət etməlidirlər, “bu artıq partlayıb, adi dəmirdir” məntiqi ilə heç bir sursat qalığına yanaşmaq olmaz”.
 
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.


İstifadəçi paneli