İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın iştirakı ilə Soçidə ötən həftə keçirilən üçtərəfli görüş bölgənin gələcəyi baxımından son dövrdə keçirilən ən önəmli görüş hesab etmək olar. Fikrimcə, Soçi görüşünü Cənubi Qafqazda Rusiya və Qərb arasında rəqabətin təzahürü kimi də dəyərləndirmək lazımdır. Çünki toplantı Rusiyanın Cənubi Qafqazda Gürcüstandan sonra yeni bir qərbyönlü dövlət istəmədiyi və buna izin verməyəcəyi haqqında həm AB, həm də Paşinyana açıq mesaj xarakteri daşıyırdı.
Bu sözləri Türkiyənin Burdur Mehmet Akif Ərsoy Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Əsma Özdaşlı deyib.
Onun sözlərinə görə, Paşinyan AB-nin bölgədəki maraqlarından istifadə edərək prosesə yeni oyunçuları daxil etmək istəyir, lakin Rusiya belə cəhdləri özünə təhlükə hesab edir:
“Əgər xatırlayırsınızsa, Soçidən qabaq üçtərəfli görüş 10 noyabr bəyanatının imzalanmasının birinci ildönümündə Moskvada keçirilməli idi. Lakin Ermənistan tərəfi bunu qəbul etmədi. Sonra AB-nin təşkilatçılığı ilə 15 dekabrda Brüsseldə İlham Əliyev və Paşinyanın Şərq Tərəfdaşlıq Proqramı toplantısı çərçivəsində görüşünün keçirilməsi qərara alındı. Əlbəttə, 15 dekabr görüşündə önəmli bir qərarın qəbul edilməyəcəyi aydındır. Soyuq müharibə bitdikdən sonra hələ də AB Cənubi Qafqazla bağlı siyasətinin konturlarını tam şəkildə müəyyən edə bilməyib. Qarabağ müharibəsində də bu özünü göstərdi. Rəsmi Moskva Soçi addımı ilə AB-nin bölgədə Bakı və İrəvan arasında vasitəçilik missiyasını öz üzərinə götürməklə öz təsir imkanlarını artırmasına qarşı çıxdı”.