"Şagirdlərin nadinc davranışları ilə bağlı görüntüləri ictimailəşdirməyi doğru hesab etmirəm".
Asmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, gün ərzində 3-4 milyon insanın təhsillə ünsiyyəti olur, təbii ki, burada insanlar arasında müxtəlif münaqişələr yaşanır:
"Bunu videoya çəkib ictimailəşdirməklə təhsilin indiki vəziyyətini təsvir etmək doğru deyil. Azərbaycanlı şagirdlər son illərdə beynəlxalq olimpiadalarda 300-dən çox medal qazanıb. Amma nədənsə biz onların uğurlarını çəkib paylaşmırıq. Məncə, bizim qəhrəmanlarımız onlardır. Onları ictimailəşdirmək daha doğru olar. Nadinc, partanın üstünə çıxan uşaqlar təbii ki, problemdir. Amma bu, məktəbin daxili problemi və şagird davranışı məsələsidir. Lakin bunu gündəmin ən vacib mövzusuna çevirmək də doğru deyil".