Bakıda icra məmuru ilə birgə qadının aldığı evin qapısını sındırıb içəri daxil oldular
Bakıda yeni yaşayış binasından mənzil alan qadın qanunsuz hadisə ilə üzləşib. Yasamal rayonu, Talıblı küçəsində inşa edilən “Mega City” Holdinqə məxsus Yaşayış Kompleksinin 1 saylı binasından mənzil alan Balahacıyeva Sütün Bəydadaş qızının evinin yeni “sahibi” peyda olub. S. Balahacıyeva iki ildir ki, S.M (adı şərtidir) adlı şəxsdən aldığı mənzili təmir etdirsə də, ona həmin mənzildə dinc yaşamağa imkan verilmir.
S. Balahacıyeva deyir ki, evdə olmadığı vaxt Niftullayev Mütalib adlı şəxs Yasamal Rayon İcra Probasiya Şöbəsinin icra məmuru Sahib Allahverdiyev ilə birləşərək mənzilin qapısını sındıraraq içəri daxil olub. Onun sözlərinə görə, bütün bunların başında isə Yasamal Rayon İcra Pobasiya şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev dayanır. O, işçilərinə havadarlıq edərək icra vərəqəsi Bakı Apellyasiya Məhkəməsindən Yasamal Rayon Məhkəməsinə daxil olmadan icra hərəkətlərinin aparılmasına göz yumur. Sütün Balahacıyevanın sözlərinə görə, S. M adlı şəxsdən iki il öncə notariusda etibarnamə əsasında “Mega City” Holdinqə məxsus Yaşayış Kompleksinin 1 saylı binasının 12-ci mərtəbəsində sahəsi 102.4 kvadrat 3 otaqlı mənzil alıb. 70 min manata aldığı mənzilə 30 min manat məbləğində təmir üçün xərc çəkdikdən sonra Niftullayev Mütalib adlı şəxs gələrək mənzilin ona məxsus olduğunu idda edib.
Mənzilin birinci sahibi, adının çəkilməsini istəməyən, S. M isə saytımıza açıqlamasında bildirib ki, Mütalib adlı şəxs həmin mənzilin ona məxsus olduğunu söyləsə də, məhkəmə qərarı ilə bu öz təsdiqini tapmayıb. Onun sözlərinə görə, o, Sütun Balahacıyevaya satdığı mənzili şirkətdən 2010-cu ildə alıb. 2012-ci ildə Mehbalıyev Rauf Rüstəm oğlunun həmin binanın 12-ci mərtəbəsindən alıb Mütalib Niftullayevə satdığı mənzil isə 83 saylı mənzil deyil. Müqavilə ilə sözügedən binanın 12-ci mərtəbəsində mənzil satılsa da həmin mənzilin nömrəsi qeyd olunmayıb. 83 saylı mənzilin sahibinin S.M olduğu Yasamal Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, eləcə də Ali Məhkəmə tərəfindən təsdiqlənib.
Mehbalıyev Rauf Rüstəm oğluna satılan mənzilə ilkin maliyyə arayışı isə avqustun 25-də 2012-ci ildə verilib. Daha sonra üst vərəqlə orta vərəq dəyişdirilərək bu tarix 25 may 2010-cu ilə dəyişdirilib. Bu isə cinayət əməlidir.
Zərərçəkmiş bildirir ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə mənzilin S. M-ə təhvil verilməli olduğu barədə qərar qəbul edilib. Məhz həmin qərardan sonra mənzil Sütun xanıma satılıb. Sadəcə olaraq binanın direktoru həbsdə olduğu üçün binaya çıxarış verilməyib.
S. M deyir ki, Mütalib Niftullayevin müraciətindən sonra onun aldığı mənzilə nömrə verilib: “183 saylı müqavilə ilə mənə satılan mənzil pilləkən qəfəsinin sağında yerləşən 3-ü mənzildir. Mütalib Niftəliyevə məxus olduğu barədə qərar verilən mənzilin nömrəsi isə 87-dir. Onun 83 saylı mənzilin qapısını sındıraraq özününküləşdirilməsi kobud qanun pozuntusudur”.