Yol bağlıdır, silah necə daşınır? – Bakı bu addımları atmalıdır!

12-07-2023, 16:42

Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində Laçın sərhəd-buraxılış məntəqəsindən qaçaqmalın keçirildiyini aşkarladı: bəyan olunmamış mobil telefon və aksesuarları, siqaretlər və yanacaq aparırlarmış.

BQXK-nın Qarabağda qanunsuz fəaliyyətinə dair şübhələr əvvəldən var idi, misal üçün, komitənin ermənilərin daşınmasını “xəstə” adı altında həyata keçirdiyi istisna edilməməlidir. Qaçaqmalçılıq faktı bu ehtimalı daha da gücləndirir. BQXK-nın bu prosesdə iki marağı görünür:

- Komitənin rəhbərliyi erməni əhalisinə “çıxış yolları” yaratmaqla Azərbaycana reinteqrasiya prosesinin qarşısını alır: rəsmi Bakının erməni əhalisinin təminatının komitə vasitəsilə Ağdamdan təmin edilməsi təklifinin qəbul edilməməsi də bunu deməyə əsas verir;

- Komitənin yerli nümayəndələrinin həm “xəstə daşınması”ndan, həm də qaçaqmalçılıqdan pul qazandığı istisna deyil.

Qaçaqmalçılıq faktı BQXK-nın silah daşınması və casusluq fəaliyyətinə dair də şübhələr yaradır. Laçın sərhəd-keçid məntəqəsi qurulandan sonra silah daşınmasının qarşısı alınsa da, nə Ermənistan, nə də Xankəndidəki separatçılar bu planlarından əl çəkməyib. Və “bütün yollar bağlıdırsa, silahı haradan keçirə bilərlər” sualı diqqət BQXK-nın üzərinə yönəldir. Eyni zamanda, komitənin “humanitar missiya” ilə sərbəst hərəkət edən əməkdaşlarının Ermənistanın xeyrinə casusluq etmədiyinə də heç kim zəmanət verə bilməz.

Nəticə etibarilə beynəlxalq təşkilat “humanitar missiya” adı altında Azərbaycan ərazisində qanunsuzluq törədir. BQXK-nın Qarabağdakı fəaliyyəti isə ümumiyyətlə qanunsuzdur. Çünki bura Azərbaycan ərazisidir, Azərbaycan ərazisində fəaliyyət göstərən BQXK-nın ofisi başqa ölkədəki – Ermənistandakı nümayəndəliyə tabedir. Bunun nə qanuni, nə də məntiqi əsası yoxdur.

Rəsmi Bakının cari olaraq iki istiqamətdə addım atmasına zərurət var:

Birincisi, BQXK-nın Qarabağdakı ofisi komitənin Bakıdakı nümayəndəliyinə tabe olmalıdır və bütün fəaliyyəti burada koordinasiya edilməlidir;

İkincisi, BQXK-nın qaçaqmalçılığına görə yenidən bağlanan Laçın sərhəd-keçid məntəqəsindən yüklərin daşınmasına ümumiyyətlə icazə verilməməlidir: rəsmi Bakı BQXK-ya erməni əhalisinin bütün ehtiyacının Ağdamdan təmin edilməsini təklif etmişdi, eyni təklif komitəyə yenidən təqdim edilməli və bu təmin olunmalıdır; BQXK-nın məqsədi həqiqətən də humanitar missiyadırsa, əhalinin ehtiyacının İrəvandan, yaxud Bakıdan edilməsinin onlar üçün fərqi olmamalıdır, əks təqdirdə, komitənin fəaliyyətinə icazə verilməməlidir.


İstifadəçi paneli