Ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır. Mövsümü A qripi virusunun yayılması haqqında məlumatlar var. Səhiyyə Nazirliyinin tabeliyində olan xüsusi laboratoriyalara göndərilən nümunələrdə tək-tək onun təsdiqi müşahidə olunur. Digər respirator virus infeksiyaları da yayılıb. Bununla yanaşı az sayda da olsa yeni növ koronavirusun (COVID-19) yayılması hallarına təsadüf edilir.
Asmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov son günlər qrip virusunun ağır növünün yayılması barədə dolaşan xəbərlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, hazırda mövsümə uyğun olaraq bəzi respirator virusların, xüsusilə qripin yayılma dönəmidir:
“Lakin həmin virusun ağır növü ilə əlaqədar heç bir hal qeydiyyata alınmayıb. A qripi adlanan virus növü var və ona da tək-tək hallarda rast gəlinir”.
İnfeksionist Türkiyədə yayılan koronavirusun mutasiyaya uğramış JN.1 variantının artması məsələsinə də diqqət çəkib.
O bildirib ki, virusun yayılması ilə əlaqədar maskanın tövsiyə olunması mənfi hal deyil. Ümumiyyətlə, istənilən virusa qarşı qorunmaq yaxşı haldır. Lakin virusun bu növü Azərbaycanda yoxdur:
“Koronavirusun statistikası da göstərir ki, son günlər artımlar müşahidə olunmur. Xarici ölkələrdə, o cümlədən qonşu Türkiyədə rast gəlinən mutasiya olunmuş omikronun alt növü olan JN.1ştamının da Azərbaycanda mövcud olması haqqında heç bir məlumat yoxdur. Lakin onun olması da istisna deyil, çünki miqrasiya və turist axını bunu deməyə əsas verir”.
Mütəxəssis-ekspert onu da bildirib ki, ümumi viruslara qarşı xüsusi risk qruplarında olanlar daha diqqətli olmalıdırlar. Azyaşlı uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar tünlük olan yerlərdə tibbi maskadan istifadə etməsi daha məqsədəuyğundur.