Suitiləri Xəzərdən atılan raketlər qırır - Alim

8-12-2022, 10:46

Son həftələrdə Xəzərin Rusiya və Qazaxıstan sahillərində minlərlə suiti cəsədi aşkarlanıb. Qırmızı kitaba düşəcək qədər sayı azalan suitilərin kütləvi ölümü təşviş doğurur. Səbəbləri haqqında isə mütəxəssislər ciddi bir şey söyləmirlər.
Bu barədə danışan tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayılın sözlərinə görə, bunun səbəbinin Xəzər dənizi üzərindən Ukraynaya atılan “X-22” raketləri ola bilər.
“Rusiya Ukraynaya qarşı apardığı müharibədə Engels şəhərində yerləşən hərbi hava limanından qalxan strateji bombardmançı təyyarələrdən atılan “X-22” və digər eyni tipli raketlərdən istifadə edir. Bunun üçün sözügedən təyyarələr Engels şəhərindən qalxdıqdan sonra Xəzərin Rusiya akvatoriyasına gəlir və raketləri oradan buraxır. Əslində Ukraynaya tuşlanmış raketi tərs, yəni Xəzər istiqamətindən buraxmağın bir səbəbi var: “X-22” raketinin yanacağı zəhərlidir və bu raketin ciddi problemləri mövcuddur. Belə ki, raketlərin bir qismi təyyarədən atıldıqdan sonra nasaz olduğu üçün uçmur və onlar yaşayış məntəqələrinə düşməsin deyə, dəniz üzərindən atılır. Görünür, Rusiya daha keyfiyyətli raketləri qurtardığı üçün problemli “X-22” raketlərini atmağa başladı və bu səbəbdən Xəzərə düşən yararsız raket sayı da artıb. Nəticədə, Xəzər də çirklənir, canlı təbiət də zərər görür”, - deyə, o qeyd edib.
Xatırladaq ki, Qazaxıstan sahillərində 131, Dağıstan sahillərində 2500 civarında, Azərbaycan sektorunda (Xaçmaz rayonu ərazisində) 17 suiti cəsədi aşkarlanıb.


İstifadəçi paneli