“Məndən tez-tez soruşurlar ki, o köhnə filmlər çəkmişdiniz ey, onlar bu gün hanı..?”

18-11-2022, 15:19

“Doğum günüm yay ayına təsadüf etdiyi üçün uzun müddət çəkilişlərdə olmuşam. Çünki filmlər hər zaman yayda çəkilirdi. Özbəkistandan tutmuş Türkiyəyə qədər çəkilişlərdə olurdum. Çəkiliş qrupu yığışıb doğum günümü təbrik edirdi. Süfrə açırdılar, məni təbrik edirdilər. Həm iş gedirdi, həm də kinonun fədailəri, kinoya vurğun adamlar var idi. O günlər mənim yadımdan heç vaxt çıxmır”
 

Bunu xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev deyib. O daha sonra əlavə edib.

“70 illik yubileyimi 30-40 dostumla birlikdə qeyd etdim. Amma mən o adamlardan deyiləm ki, gedib xahiş edim ki, mənə şadlıq evində ad günü keçirin. Mən elə şeyləri xoşlamıram. Sağ olsun hökümət mənə hər zaman diqqət yetirib. 70 illik yubileyimdə cənab prezident İlham Əliyev mənə “Şərəf” ordeni təqdim etdi. 50 yaşımda ulu öndər Heydər Əliyev mənə “Şöhrət” ordeni verdi. Vaxtlı-vaxtında dövlət mənə hər zaman qayğı göstərib və bu gün də göstərir. Ən yaddaqalan doğum günlərimdən biri də Kəlbəcərdə olub. Biz orada “Firəngiz” adlı bir film çəkirdik. Yadımdadır, çox gözəl bir ad günü qeyd etdik. Görkəmli sənətkarlar Şahmar Ələkbərov, Vəfa Fətullayeva da mənimlə çəkilirdi. Hətta Hökümə Qurbanova da qızı ilə birgə gəlmişdi. Şükür Allaha indi o torpaqların hər biri bizdədir, bundan gözəl dünyada nə ola bilər?” deyə sənətkar bildirib.
                                                                    
Sənətkar ən böyük arzusundan da danışıb.
 
“Kinomuzun yaxşı günlərini görmək istəyirəm. Çünki son illərdə tək-tük filmlər çəkilir. Arzu edərdim ki, 70-80-ci illərdəki abu-hava kinoya gəlsin. Azərbaycan kinosunda dirçəliş olsun, mən o illəri görüm. Mən də bir obraz oynamaq istəyirəm. Heç kimə sirr deyil ki, bu gün kinoda vəziyyət yaxşı deyil. Bu vəziyyət nə bizi, nə də ki, tamaşaçını qane edir. Məndən tez-tez soruşurlar ki, o köhnə filmlər çəkmişdiniz ey, onlar bu gün hanı? Bu gün yaxşı yazarlarımız, kino rejissorlarımız yoxdur. Gənclərə yol açmaq, onları yetişdirmək lazımdır” deyə sənətkar bildirib.


İstifadəçi paneli