"Anasızlığımı işimlə unuduram" - Hacı Nuran

16-11-2019, 04:39

"Çiynimdə əllərini hiss etdim: üstümü örtürdü... "Sən həmişə kürəyiaçıq yatırsan, ay oğul", deyərdi. Sonra da keçib pəncərəni örtdü. "Bu soyuq havada heç pəncərə açarlar?" dedi. Gözlərimi ağır-ağır açdım. Pəncərə də açıq idi, üstüm də".

Asmedia.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə yazıb. Anasının ölüm ildönümü olan aparıcı xatirələrini bölüşüb:
"Kürəyimdə qəribə bir istilik var idi. Anamın əllərinin istisi qalmışdı orada. Fərzanə Nailə Həsənağa qızı... Düz 8 ildir ki, noyabr ayının 15-də mən o hərarəti hiss edirəm. İçim qan ağlayır, gözlərim kövrəkliyimi ələ verir, amma mən onu hələ də yanımda hiss edirəm - heç yerə getməmiş, hər dəqiqə yanımdaymış kimi. Onsuz həyat da mənasızdır. Mən bu mənasızlığı işimlə doldururam, başımı qatmağa çalışıram. Amma özümlə tək qalanda anamla dərdləşirəm, sakitləşirəm.

Anasızlığı işimlə unuduram, təskinliyimi onda tapıram. Bir də düşünürəm ki, bu fani dünyada heç kim daimi deyil. Bir gün gələn, bir gün gedəcək. Mən də anama doğru yol gedirəm. Amma bu yolu alnıaçıq, mərd, xeyirxah əməllərlə tamamlamaq üçün əlimdən gələni edirəm. Axı analar övladlarının xeyirxah əməlləri ilə cənnəti qazanırlar deyirlər. Mən də istəyirəm ki, anam cənnəti qazansın. Çünki o yalnız cənnətə layiq olan bir qadın, ana, alim, bir aləm idi. Yerin behişt, ruhun şad olsun gözəl anam".


İstifadəçi paneli