Keçmiş hakim Həsən Əliyevlə sabiq prokuror Mirələkbər Seyidov arasındakı məhkəmə çəkişməsi başa çatıb.
ASMedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, M.Seyidov külli miqdarda dələduzluqda təqsirli bilinib. Lakin məhkəmə dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib.
Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub. Belə ki, prokuror ona səkkiz il həbs cəzası istəmişdi.
İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə Həsən Əliyevə onun məhkəmə sədri təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verərək 200 min dollar pul alıb.
M.Seyidova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
İstintaq dövründə dəymiş ziyan tam ödənilib, tərəflər arasında barışıq əldə olunub.
Xatırladaq ki, Mirələkbər Seyidov və zərərçəkmiş Həsən Əliyev əvvəllər dələduzluq əməllərinə görə məhkum ediliblər. H.Əliyev 2015-ci ildə hakimlikdən azad olunub.