“Deputatlara 14 975 manat məzuniyyət haqqı verilməsi sosial mediada geniş müzakirə olunur. Bilirsiniz ki, vaxtilə deputat maaşlarının artırılmasına qarşı çıxmışam və buna görə çoxlu irad almışam. Lakin bildirirəm ki, aldığım məzuniyyət haqqı bu rəqəmdən çox-çox aşağıdır. Bu barədə Milli Məclisdən sorğu edilə də bilinər. Üstəlik, biz 1-15 iyul dövrü üçün nədənsə əməkhaqqı da almırıq. Yəni aldığımız vəsait 45 günə deyil, faktiki 2 ay üçün hesablanır, yəni iyul-avqust ayları üçün. Biz bir də 15 sentyabrda avans alacağıq”.
ASMedia.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.
“Maaş artımı olmamışdan öncə qanuna əsasən, biz deputat fəaliyyətini təmin etmək üçün əlavə haqq da alırdıq. İndi isə deputat fəaliyyəti üçün maaşımızdan istifadə edirik. Məncə, deputat maaşını azaltmaqdansa, digər işləyənlərin maaşını yüksəltmək daha doğru olardı. Bir də, elə kateqoriya vəzifəlilər var ki, deputatın bir ayda aldığı maaşı bir günə, bir saata qazanırlar. Lakin nədənsə, tənqid obyekti ancaq deputatlardır. Onlara haqsız da deyə bilmərəm. Ədalətlilik odur ki, hər kəs əməyinə, istedadına, Vətənə verdiyi faydaya görə əmək haqqı, pensiya alsın”, - deyə T.Kərimli qeyd edib.