Saatlı rayonu, Saracalar kəndinin 1978-ci il təvəllüdlü sakini Əhmədov Sahib Əliqismət oğlu həyat hekayəsini ARB TV-nin “Rezonans” proqramında danışıb.
Ömürlük məhkum həyatı yaşayan S.Əhmədov bildirib ki, Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət edib:
“Ön cəbhədə yaxşı xidmətimə görə, mənə vaxtından əvvəl baş leytenant rütbəsi verildi. Mart ayı idi, məzuniyyətdə idim. Ögey əmim dedi ki, bir nəfərin borcu var, məni apar onlara, pulumu alacağam. Mən də apardım.
Onu gözləyirdim, birdən qışqırıq səsi gəldi. Evə daxil oldum, gördüm ki, əmim evdəki qızı boğub, anasını da bıçaqlayıb. Əmimə müqavimət göstərsəm də, artıq gec idi, qız ölmüşdü.
Ev sahibi əmim İlqardan təsərrüfat qurmaq üçün 5 min dollar borc almışdı. Borcunu qaytara bilmədiyinə görə, İlqar onların evinə gedib. Evə daxil olub, qızdan soruşub ki, atan hanı? Qız da deyib ki, sənə olan borcuna görə, evə gələ bilmir. Qızın aqressiv cavabına görə, mübahisə olub. Deyilənə görə, qız əmimə çaynik atıb. Sonra qızın anası Almaz xala bunun üstünə gələndə əmim cibindəki bıçaqla qadını vurub. Qız yenə əmimə hücum edəndə isə iplə onu boğub öldürüb. Heç bir əsas olmadan. O qız mənim bacım sayılırdı.
Ömürlük həbs cəzası alanda anam məhkəmə zalında infarkt keçirdi. Mən çox ağır şok yaşadım, elə bildim həyatım çökdü. Nənəm yanıma gəldi, həbsxananın qarşısına çıxanda isə dünyasını dəyişdi. Ailəm yanıma gəlir”.