Sosial platforma liderləri uşaqların təhlükəsizliyinə görə tənqid olunub

3-02-2024, 12:48

ASMEDİA xəbər verir ki, Yanvarın 31-də ABŞ Senatının Ədliyyə komitəsində üç saat yarım çəkən dinləmələrdə senatorlar bu şirkətlərin icraçı direktorlarını kəskin qınayıblar. Bu haqda “The New York Times” yazır.

Senatorlar şirkət rəhbərlərini öz platformalarında uşaqlara qarşı zərərli kontenti gözardı etməklə “Amerikada böhran” yaratmaqda suçlayıblar. Qəzet texnologiyanın gənclərə təsiri sarıdan narahatlığın çoxaldığını vurğulayır.

Beş şirkət rəhbəri gəlirlərini gənclərin rifahından üstün tutmaqda ittiham olunub. Senatorların bəziləri deyiblər ki, bu şirkətlərin “əlləri qana bulaşıb”, istifadəçilər övladlarını qoruyacaq dəyişiklikləri “gözləyərək öləcəklər”. Texnologiya şirkətlərini siqaret istehsalçılarına bənzədən də olub.

“Amerikada hər bir valideyn uşaqlarımıza yönəlik zir-zibildən dəhşətə gəlir”, – Texasdan respublikaçı senator Ted Kruz (Ted Cruz) deyib.

Şirkət rəhbərləri isə platformalarında təhlükəsizlik tədbirlərini gücləndirmək üçün milyardlar xərclədiklərini deyiblər. Bəziləri gizliliyi artıracaq qanun layihəsini dəstəklədiyini deyib, digərləri rəqiblərinin çatışmazlıqlarına diqqət çəkiblər. Şirkət başçılarının hamısı özlərinin də valideyn olduqlarını dilə gətiriblər.

Meta şirkətinin icraçı direktoru Mark Zukerberq (Mark Zuckerberg) üzünü onlayn cinsi istismar qurbanlarının valideynlərinə tutaraq üzr istəyib: “Heç kəs sizin ailələrinizin yaşadıqları ilə üzləşməməli idi”. O, şirkətinin belə halların önlənməsi yönündə sərmayələr qoyduğunu söyləyib.

“The New York Times” yazır ki, ötən il ABŞ-ın səhiyyə naziri Vivek Mörti (Vivek Murthy) sosial medianı gənclər arasında mental sağlamlıq böhranının bir səbəbi kimi göstərib. 2023-cü ildə İtkin və İstismara Məruz qalmış Uşaqlar üzrə Milli Mərkəz uşaqların cinsi istismarı ilə bağlı azı 105 milyon onlayn foto, video və material qeydə alıb.

Valideynlər sosial platformaları kiberbullinqi və uşaqların intiharını kürəkləməkdə suçlayırlar.

Respublikaçılar və demokratlar tədbirlər görməyə çağırır, uşaqların cinsi istismarı materiallarının yayılmasını dayandırmağı, platformalar üzərinə gənclərin qorunması üçün məsuliyyət qoymağı hədəfləyən qanun layihələri hazırlayıblar.


İstifadəçi paneli