"Sən azadsan, Slavyan" - Rektor getdi, bəs onun əlaltıları?

22-06-2021, 19:33

Nurlana Əliyevanın rektorluq dövründə istər müsahibələrində, istərsə də fəaliyyəti dövründə mətbuatda dərc edilmiş xəbərlərində təhsilin "T"-sinə də rast gələ bilməzsiniz. Əvvəlcə universitetin özünün əyləşdiyi əsas korpusunu təmir etsə də, ikinci korpusunu diqqətdən kənar qoyması, qədim tarixə malik fasadını vandalizmə məruz qoyması, liftə ehtiyacı olmadığı halda hündürmərtəbəli bina hesab olunmayan ali təhsil müəssisəsinə lift quraşdırılması, Daxili İşlər Nazirliyinin əıməkdaşı olan Anar Allahverdiyevin xalası Sevil Hümmətovanı, onun rəfiqəsi Dürdanə Əliyevanı yüksək vəzifəyə təyin etməsi, tələbələrin haqlı narazılığına səbəb olan bəzi müəllimlərin qanunsuz fəaliyyətinə "göz yumması" sözsüz ki, daimi ola bilməzdi. Onun təyin etdiyi bu yarıtmaz kadrlar o qədər harınlamış və o qədər əl-qol açmışdı ki, artıq dövlətin qanunlarının onlara təsir etməyəcəyinə əmin olmuşdular. "Get hara şikayət edirsən et" prinsipi ilə işləyən bu dəstə nəinki hakim partiyanın nüfuzunu cəmiyyətdə yerlə bir edir, eyni zamanda Sevil Allahverdiyevanın bacısı qızı Vəfa Allahverdiyevanın “Müasir Azərbay­can və rus siyasi diskurs dilinin qar­­­şılıqlı təhlili" mövzusunda yazılmış dissertasiyaya yaşıl işıq yandırmaqla Azərbaycanın uzun illər boyu Rusiya Federasiya ilə qorunub saxlanılmış xarici siyasətinə və dostluq nüfuzuna xələl gətirməklə yanaşı, Rusiya Federasiyasının ali təhsil müəssisələri ilə çoxdan qurulmuş elm və təhsil sahəsindəki əlaqələrə güclü zərbə endirmiş oldu. Hətta Rusiyada yaşayan soydaşlarımız da bu dissertasiyanın məzmunun təhlükəli tendensiya alacağı barədə həyəcan təbili çalmışlar. Görünən budur ki, bütün bunlar dövlətə qarşı yönəlmiş böyük bir təxribatın yalnız görünən hissəsidir.
 
 Nurlana Əliyeva və onun qeyd olunan əlaltıları özlərinin korporativ maraqlarını vətəndaşların konstitusion maraqlarından və dövlət təhsil siyasətindən üstün tutaraq cəzasızlıq kontekstindən çıxış etməklə Bakı Slavyan Universitetinin tarixi nüfuzuna qara ləkə gətirmişlər. Bu universitet rektorunun jurnalistlərə qarşı işlətdiyi: “Ağzın haradan cırılıb”, “Sən haranın dələduzusan” kimi ifadələr bu "ziyalının" debilliyindən xəbər verməklə yanaşı, həmin universitetin yaşlı müəllimləri barəsində işlətdiyi “ləhləyə-ləhləyə pilləkən qalxanlar…” deyərək pedaqoqları köpəklə müqayisə etməsi harınlığın və cəzasılığın  zirvəsi idi. Halbuki bu ifadələr mətbuat səhifələrində aylarla dolaşdı. Amma müəllimlərin və tələbələrin şikayətlərinə və haqlı narazılıqlarına Təhsil nazirliyi belə münasibət göstərmədi. Əli Həsənovun diqtəsi ilə mətbuatın fərari medallı əməkdar generallarına hər ay 5000 manat yalpayı verməsi aşkar faktlardandır.
 
 Sosial şəbəkələrdə paylaşılan statuslara nəzər saldıqda müəllim və tələbələrin uşaq kimi necə sevindiklərinin və bir-birlərini təbrik etmələrinə baxdıqca təəssüf hissi keçirməmək olmur. "Canımız qurtardı", "axır ki, getdi", "Sən azadsan, Slavyan" məzmunlu paylaşılan postlar vətəndaşların rektorun və onun əlaltılarının əməllərindən və özbaşınalıqlarından necə zinhara gəldiklərinin bariz göstəricisidir. Bu universitet əslində elm və təhsil sahəsində nailiyyətləri ilə yadda qalmalı idi, nəinki rüşvət, xüsusi dairələrin maraqlarına xidmət edən dissertasiyaların müdafiəsini təşkil edib Fətullah Gülənə yaxın olan adamlara "alimlik" dərəcəsi verməklə.
 
 Biz inanırıq ki, Azərbaycan Respublikası Prezidentinin Bakı Slavyan Universitetinin rektorunu vəzifəsindən azad etməsi bu universitetdə qanunsuz əməllər və özbaşınalıqlar törədən tör-töküntülərdən təmizlənməsi prosesini asanlaşdıracaq və sürətləndirəcək. Anar Allahverdiyev və onun yuxarı vəzifələrdə işləyən qohumları və himayədarları artıq dərk etməlidirlər ki, rektorun vəzifədən azad edilməsi onlar üçün ciddi xəbərdarlıqdır. Elm və təhsil müəssisəsini biznes mənbəyinə çevirən, tələbələrə gəlir mənbəyi kimi yanaşaraq nəticədə gənc nəslin dövlətdən narazı düşməsinə səbəb olan bu dələduz "müəllimlər"ə hamilik etmək, dövlət içində dövlət qurmaqdır. Heç bir məmur xüsusi maraq və umacağı olmadığı halda qanunsuz əməllər törətmiş, adları mətbuatda cinayətkarlıq və cinayətə şərikliklə hallanan "müəllimləri" müdafiə etməz. Demək ki, ortada korporativ-şəxsi maraqları mövcuddur.
 
 Tapşırılma yolu ilə elmi ad alan bu yarıtmaz "alimlərin" universitetdə qalıb işləməsi Bakı Slavyan Universitetində gələcəkdə aparılacaq köklü islahatlara kölgə salmaqla yanaşı dövlətə və hökumətə qarşı açıq-aşkar xəyanət hesab edildiyi üçün hadisələrin gedişi və inkişafı daim bizim diqqət mərkəzimizdə olacaqdır. Onları qoruyan, dövlət içində gizli dövlət qurmuş şəbəkənin kimliyi barədə ictimaiyyətə mütəmadi olaraq geniş və ətraflı məlumat veriləcəkdir.
 
 Lalə Əlizadə


İstifadəçi paneli