Rövşən Əkbərova qarşı 1,2 milyonluq iddia qaldırıldı

16-07-2021, 15:43

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

ASmedia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsibdə hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verib. Vəkillər cinayət işində kobud qanun pozuntuların yol verilməsi səbəbindən cinayət işinə xitam verilməsini istəyiblər.

Vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diaspor Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov və Məzahir Şıxaliyevin ifadələrinin sübutlar siyahısından çıxarılması bağlı da vəsatət veriblər. Onlar qeyd ediblər ki, həmin şəxslər hadisə olan zaman ifadələrində qətlin kim tərəfindən törədildiyini bilmədiklərini qeyd etsələr də, builki istintaq zamanı Elçin Əliyevi Rövşən Ələkbərovun öldürdüyünü bildiriblər: “Bu səbəbdən onların ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyirik”.

Rövşən Əkbərovun vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə də vəsatət veriblər.

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.

Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxsin vəkillərinin vəsatətini təmin etməyib.

Zərərçəkmiş tərəfin verdiyi mülki iddianın araşdırılması üçün məhkəmə icraatına götürülməsi barədə qərar qəbul olunub.
Məhkəmə baxışı iyulun 30-a təyin olunub.

Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 01-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


İstifadəçi paneli